Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).                                                                                                       

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

№ 759.

 

Azərbaycan Respublikasının 1993-cü il

6 dekabr tarixli 759 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

“Hərbi xidmətlərə görə” medalı haqqında

ƏSASNAMƏ

 

1.   Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir:

öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə;

dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.

2.   “Hərbi xidmətlərə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Tərəqqi” medalından sonra taxılır.

 

 

Azərbaycan Respublikasının 1993-cü il

6 dekabr tarixli 759 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

“Hərbi xidmətlərə görə” medalının təsviri

 

“Hərbi xidmətlərə görə” medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.

Üz tərəfin sağanaqları arasında hörmə həndəsi ornament təsvir edilmişdir. Medalın ortasında bir böyük və iki kiçik hörmə kvadrat, habelə çarpazlanmış təbərzin, qılınc, toppuz təsviri vardır.

Medalın aşağı hissəsində “Hərbi xidmətlərə görə” sözləri yazılmışdır.

Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş, aşağı hissədə təltif tarixini yazmaq üçün nəzərdə tutulan gərilmiş altıbucaq yerləşdirilmişdir.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Medalın hündürlüyü 45 mm, eni 36 mm-dir.

Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır. Lentin ümumi eni 19 mm-dir.

Qəlibin ölçüsü 46 mmX22 mm-dir.